Noyabrın 29-da Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub.
Məlumata görə, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada təqdim edib.
Bununla yanaşı, yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda, dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib. Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
**12:57
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.
O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.
Daha sonra yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.