Rusiya Prezidenti Vladimir Putin Qırğız Respublikasının paytaxı Bişkek şəhərində səfərdədir.
Senzor.az bildirir ki, bu barədə Qırğız Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Məqsəd Qırğız Respublikasının sədrliyi ilə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclasında iştirak etməkdir.
Xatırladaq ki, bir gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko da Bişkekə gəlib.
Qeyd edək ki, AAİŞ liderləri digər məsələlərlə yanaşı, ümumi qaz bazarının formalaşdırılmasını müzakirə edəcək və Birləşmiş Ərəb Əmirlikləri ilə Azad Ticarət Zonasının yaradılması üzrə danışıqlar prosesinin başlanmasını təsdiq edəcəklər. İclas zamanı Rusiya, Qazaxıstan və Özbəkistan arasında “üçlü qaz ittifaqı” mövzusuna toxunulacağı da istisna olunmur.
Yeri gəlmişkən, bundan əvvəl Özbəkistan Rusiya Prezidentinin “üçlü qaz ittifaqı” yaratmaq təklifini rədd edib.
Belə ki, Özbəkistanın Baş nazirinin müavini və energetika naziri Jorabek Mirzəmahmudov KİV-ə verdiyi açıqlamada deyib: “Biz başqa ölkələrdən qaz idxal edərkən onlarla yalnız kommersiya müqavilələri əsasında əməkdaşlıq edirik. Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq”.
Daha bir maraqlı məqam. Dünən o da məlum olub ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qırğızıstan paytaxtı Bişkek şəhərinə bu günə nəzərdə tutulan səfəri təxirə salınıb.
Səfərin hansı səbəbdən təxirə salınması barədə açıqlama verilməyib. Özbəkistan XİN-in məlumatında yalnız o qeyd olunub ki, iki dövlət başçısının arasında aparılan danışıqlardan sonra səfərin təxirə salınması barədə qərar qəbul edilib.
“Bişkekdə dekabrın 9-da keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammitində Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirakı nəzərdə tutulur”, - Nazirlik əlavə edib.