Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, o, xüsusi döyüş başlığı daşıyan Belarus təyyarələrinin ekipajları üçün təlim keçirilməsini mümkün hesab edir.
Bu barədə TASS məlumat yayıb.
“Belarusun xüsusi nüvə başlığı ilə təchiz edilmiş təyyarələrinin ekipajlarına təlim keçirilməsi ilə bağlı Lukaşenkonun təklifinin icrasını mümkün hesab edirəm. Vurğulamaq istərdim ki, bu əməkdaşlıq forması bizim ixtiramız deyil. Məsələn, ABŞ onilliklərdir ki, NATO çərçivəsində müttəfiqləri ilə oxşar fəaliyyətlər həyata keçirir”, - Putin bildirib.
O, həmçinin Rusiyanın “Belarusu udma” planlarını təkzib edib: “Rusiyanın heç kimi özünə cəlb etmək marağı yoxdur, bunda sadəcə olaraq məqsədəuyğunluq yoxdur”.