Çərşənbə axşamı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasdan sonra Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin üzvləri yerli silahların kütləvi istehsalının yaradılması ilə bağlı bir sıra qərarları təsdiqləyiblər.
Senzor.az bildirir ki, İcraiyyə Komitəsinin qərarına əsasən, ölkədə Türkiyənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə töhfə verəcək “Siper”, “Hisar” və “Sunqur” sistemlərinin seriyalı istehsalına başlanacaq.
Bundan başqa, müdafiə sənayesi icraiyyə komitəsi “Tayfun”, “Atmaca”, “TRLG-230”, “Karaok”, “Gökdoğan” və “Bozdoğan” raketlərinin, həmçinin “Akya” torpedalarının və digər döyüş sursatlarının kütləvi istehsalına başlamaq barədə qərar qəbul edib.
Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsində pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi prosesi, həmçinin bu yaxınlarda ilk sınaq uçuşunu həyata keçirən “Kızılelma” pilotsuz hərbi təyyarəsinin layihəsi də müzakirə edilib.
İcraiyyə Komitəsinin Türkiyə Prezident Administrasiyasında bir saat yarıma yaxın davam edən iclasının iştirakçıları ümumilikdə 25 müdafiə layihəsini müzakirə ediblər.
Senzor.az