Böyük Britaniyanın Azərbaycandakı səfirliyi işğaldan azad olunan ərazilərdə mina təhlükəsi barədə videoçarx hazırlayıb.
Bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində bildirilib.
Videoçarxda Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old, Laçın rayonundan məcburi köçkün Zeynəb Əliyeva, UNİCEF-in Azərbaycandakı nümayəndəsinin müavini Uilliam Abi Abdallahianın fikirləri əksini tapıb.
Qeyd olunub ki, yüz minlərlə insan 30 ildir öz yurd-yuvasından didərgin düşüb.
Səfir Ferqus Old söyləyib ki, öz evlərinə qayıdan köçkünlər mina və partlayıcı maddələrin təhlükəsini başa düşməlidirlər.
UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin müavini Uilliam Abi Abdallah isə bildirib ki, ötən il Böyük Britaniyanın ianəsi hesabına xüsusilə azyaşlıların partlayıcı sursatlarla çirklənmiş təhlükəli ərazilərdən kənarda qalmalarına kömək edən işarələr, eləcə də, Məlumat Təhsil və Kommunikasiya materialları hazırlanıb.
“Məqsədlərimizdən biri də düzgün davranış qaydalarını təşviq etməklə bu torpaqlara qayıdan insanların, xüsusilə uşaqların təhlükəsizliyini təmin etməkdir”, - o vurğulayıb.
Laçın rayonundan məcburi köçkün Zeynəb Əliyeva söyləyib ki, doğma yurdlarına qayıdışda ən böyük problem minalarla bağlıdır və qayıdış zamanı hansı ərazilərin təhlükəsiz, hansının təhlükəli olduğunu bilmələri vacibdir.
Böyük Britaniya mina və partlayıcı sursatlarla çirklənmiş ərazilərin təmizlənməsində və insanların təhlükəsizliyinin təmin edilməsində Azərbaycana kömək edir. Buna görə, əhalinin minalarla bağlı maarifləndirilməsi üçün 🇬🇧 hökuməti növbəti dəfə @unicef_aze ilə əməkdaşlıq edir pic.twitter.com/YbtddJGQOX
— UK in Azerbaijan (@ukinazerbaijan) December 22, 2022