Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Belə ki, ümumilikdə daha üç avtomobil ərazidən keçid edib.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Onu da qeyd edək ki, BQXK-ya məxsus maşın və təcili yardım avtomobili aksiya müddətində daha əvvəl də maneəsiz şəkildə hərəkət edib.
**00:31
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bu gecə də davam edir.
Aksiyanı işıqlandıran KİV nümayəndələrinin məlumatına görə, şaxtalı havanın olması aksiyanın gedişinə heç bir maneə yaratmır, ekofəalların səhhətində isə ciddi problemlər müşahidə edilmir.
Aksiya başladığı gündən etibarən, eləcə də indi təhlükəsizlik qaydalarına maksimal dərəcədə əməl olunur.
Həmişəki kimi, yenə də etirazçıların olduğu yolda hərəkətin sərbəstliyi təmin edilir, humanitar məqsədlər üçün açıqdır.
Ekofəallar və gənc könüllülər üzərində Azərbaycan, rus və ingilis dillərində şüarlar yazılmış plakatlar qaldırır, vətənpərvərlik ruhunda mahnılar ifa edirlər.
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, yataqlarda monitorinq aparılmasına icazə verilməsini tələb edən etirazçılar “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Bereqite prirodu!", "Ekosidu net! Monitorinqu da!" şüarları səsləndirirlər.
Aksiyaçılar gün ərzində olduğu kimi, gecəboyu da isti yer, isti çay və qidalarla təmin olunurlar.
Etirazçılar hazırda əhvali-ruhiyyələrinin yüksək olduğunu və aksiyanı davam etdirəcəklərini deyirlər.
**19:05
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Hazırda ekofəalların və ekoaktivistlərin, eləcə də gənc könüllülərin əhvali-ruhiyyələri yüksəkdir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 13 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
**13:46
Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları çadırları söküblər.
"Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılıb.
Eyni zamanda həmin ərazidə quraşdırılmış konteynerlərdən biri də kran vasitəsilə yük maşınlarına yığılıb, digər əraziyə - Laçın istiqamətinə aparılır.
Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.
Ərazidə Rusiya sülhməramlılarının cəmi bir ədəd konteyneri qalıb.
**09:12
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Ekofəallar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Onların tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarları səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 13-cü gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə də lazımi şərait yaradılmayıb.