Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, rus dilində isə "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Hazırda ekofəalların, eləcə də gənc könüllülərin əhvali-ruhiyyələri yüksəkdir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 16 gündür davam edir.
**09:00
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıb, daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarları səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 16-cı gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.