Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Yeni il münasibətilə dünya ictimaiyyətinə müraciət edib.
BMT-nin Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, müraciətdə deyilir:
“Hər Yeni il yenidən doğuş anıdır. Köhnə ilin külünü çırpıb daha parlaq günə hazırlaşırıq. 2022-ci ildə dünyada milyonlarla insan sözün əsl mənasında külü təmizləyib.
Ukrayna, Əfqanıstan, Konqo Demokratik Respublikası və digər ölkələrin sakinləri daha yaxşı yaşamaq üçün məhv olmuş evləri və həyatlarını tərk edib.
Dünyada yüz milyon insan müharibələr, meşə yanğınları, quraqlıq, yoxsulluq və aclıq səbəbindən öz doğma yurdlarını tərk ediblər. 2023-cü ildə sülhə həmişəkindən daha çox ehtiyacımız var. Münaqişəyə son qoymaq üçün dialoq yolu ilə bir-birimizlə əldə etdiyimiz sülhə.
Daha dayanıqlı dünya qurmaq üçün təbiətimiz və iqlimlə qurduğumuz sülhə. Qadın və qızların ləyaqətlə və təhlükəsizlik içində yaşaması üçün evimizdə yaratdığımız sülhə. İnsan hüquqlarının tam qorunması ilə küçələr və icmalarımızda bərqərar olan sülhə.
Bir-birimizin inancına hörmət etməklə, ibadət yerlərində qorunan sülhə. Və internetdə nifrət nitqi və sui-istifadənin olmadığı sülhə.
Gəlin 2023-cü ildə sözlərimiz və əməllərimizlə sülhə xidmət edək. Gəlin birlikdə 2023-cü ili həyatımız, evlərimiz və dünyamızda sülhün bərpa olunduğu bir il edək”.