ABŞ administrasiyası İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsrailin yeni hökuməti ilə işləməyə hazırdır.
ABŞ Prezidenti Cozef Baydenin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında belə deyilir.
“Mən Netanyahu ilə İsrailin və Yaxın Şərqin üzləşdiyi bir çox çağırışlara, o cümlədən İrandan gələn təhlükəyə birgə cavab vermək üçün işləməyi səbirsizliklə gözləyirəm”, - Bayden qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə inteqrasiya, rifah və təhlükəsizliyi təmin etməyə çalışır.
Senzor.az xatırladır ki, Knesset (İsrail parlamenti) cümə axşamı günü 1 noyabr seçkilərinin nəticələrinə əsasən “Likud” partiyasının lideri Benyamin Netanyahunun qurduğu hökumətə etimad göstərib. Elektron səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.
Netanyahu və hökumət üzvləri vəzifələrinə başlamaq üçün and içiblər.