Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən il dekabrın 12-də səhər saatlarından başlayan aksiya yeni ilin dördüncü gecəsi boyu da davam edib.
Təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıb, daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri və şüarları da dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 24-cü gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.