Böyük Britaniya hökumət üzvlərinin və yüksək rütbəli diplomatların istifadə etdiyi avtomobillərdən birində Çinə məxsus izləmə cihazı tapılıb.
Bu barədə Britaniyanın “i” qəzeti məlumat verib. Cihazın olduğu yer haqqında məlumat ötürdüyü bildirilir.
Məlumata görə, Krallığın kəşfiyyat orqanlarındakı mənbələr hesab edirlər ki, Çin istehsalı olan belə cihazların avtomobillərdə yerləşdirilməsinin arxasında Çin kəşfiyyatı dayanır.
Britaniya əks-kəşfiyyatının rəsmisi nəşrə bildirib ki, Londonda artan casusluq qorxusu səbəbindən avtomobillər diqqətlə yoxlanılıb və “hissə-hissə araşdırılıb”. Nəticədə SİM-kart aşkar olunub ki, bu kartın olduğu yerin koordinatları barədə məlumat ötürdüyü məlum olub.
“Bu, uzun aylar və illər ərzində hökumət haqqında məlumat toplamaq, müntəzəm şəkildə hərəkətləri izləmək imkanı verir və davam edən fəaliyyətin müfəssəl mənzərəsini yaradır”, - deyə mənbə qeyd edib.
Nəşrin, əvvəllər Krallığın təhlükəsizlik xidmətlərində çalışmış digər mənbəsi isə hesab edir ki, Britaniya nazirlərinin hara getdikləri ilə bağlı məlumatı təkcə Çin deyil, Rusiyanın xüsusi xidmət orqanları da ala bilərlər.