Türkiyə yerli müdafiə sənayesinə arxalanaraq, silah idxalından asılılığı minimuma endirməyi hədəfləyir. Bu, “lisenziya” problemini tamamilə aradan qaldıracaq və Türkiyə Silahlı Qüvvələrinin səmərəliliyini artıracaq.
Senzor.az bildirir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan yeni nəsil yerli özüyeriyən “Fırtına” artilleriya qurğuları partiyasının Silahlı Qüvvələrə təhvil verilməsi mərasimində deyib.
Türkiyə Müdafiə Nazirliyinin Sakarya vilayətinin şimal-qərbində yerləşən “Arifiye” istehsalat kompleksinin ərazisində BMC-nin istehsalı olan özüyeriyən silahların təhvil verilməsi mərasimi keçirilib.
Prezident qeyd edib ki, yerli özüyeriyən “Fırtına” tipli cari silahlar Türkiyə Ordusu tərəfindən Suriya və İraqda antiterror əməliyyatları aparılan zonalarda uğurla istifadə olunur və istiqamətləndirmə və mərmi təchizatı sisteminin təkmilləşdirlməsi sayəsində Türkiyə Silahlı Qüvvələrinin artilleriya bölmələrinin qurğuları atəşlə məhv etməsinin effektivliyi artacaq.
“Bu gün biz altı yeni özüyeriyən silahı Türkiyə Silahlı Qüvvələrinin komandanlığına təhvil veririk. Qarşıdakı iki ildə bu qurğular BMC Power tərəfindən hazırlanmış yerli mühərriklər və transmissiya sistemləri ilə də təmin olunacaq”, - deyən Ərdoğan Türkiyənin digər tanınmış müdafiə şirkəti ASELSAN-ın artilleriya qurğularının təkmilləşdirilməsi layihəsində iştirak etdiyini xatırladıb.
Ümumilikdə Türkiyə Silahlı Qüvvələrinin quru qoşunlarının ehtiyacları üçün 140 ədəd yeni nəsil “Fırtına” özüyeriyən qurğunun istehsalı planlaşdırılır.
Dövlət başçısı yerli “Altay” tankının hazırlanması layihəsinə də diqqət çəkib, sınaqlar başa çatdıqdan sonra tankların seriyalı istehsalının 2025-ci ilə planlaşdırıldığını bildirib.
“Artıq bu ilin may ayında iki “Altay” tankı sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Bundan əlavə, “Leopard 2 A-4” tanklarının modernləşdirilməsi, həmçinin “Altuğ 8x8” zirehli transportyorunun istehsalına başlanılması planlaşdırılır”, - deyə Prezident əlavə edib.
Türkiyə lideri daha sonra qeyd edib ki, 20 il əvvəl ölkənin müdafiə ixracı 248 milyon dollar təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 4,4 milyard dollara çatıb.
“İyirmi il əvvəl Türkiyənin müdafiə sektorunda idxalı əvəzləmə səviyyəsi cəmi 20 faiz idisə, bu gün bizim ölkənin ehtiyaclarının 80 faizini ödəyən müdafiə sənayemiz var. Müdafiə şirkətlərinin sayı 2002-ci ildəki 56-dan bu il 2000-dən çox artıb. Müdafiə sənayesinin elmi-texniki işlərinə ayrılan büdcə 49 milyon dollardan 1,5 milyard dollara qədər artıb”, - deyə dövlət başçısı bildirib.
Ərdoğan cari ilin Türkiyə müdafiə sənayesi üçün yeni nailiyyətlər dövrü olacağına əminliyini ifadə edib. “Bu il yerli donanmanın flaqmanı, dünyanın pilotsuz təyyarələrinin daşındığı ilk gəmisi “Anadolu” Türkiyə Hərbi Dəniz Qüvvələrinin balansına veriləcək. Yenə 2023-cü ildə beşinci nəsil yerli hərbi təyyarə anqardan çıxacaq”, - deyə Prezident vurğulayıb.
Senzor.az