Laçın-Xankəndi yolunda son vəziyyət: AKSİYA İŞTİRAKÇILARI PREZİDENTƏ TƏŞƏKKÜR ETDİLƏR
YENİLƏNİB, VİDEO

Havanın qarlı və şaxtalı olmasına  baxmayaraq, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc etiraz aksiyası bu gecə saatlarında da coşqu ilə davam edir.

 

Senzor.az bildirir ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində etiraz aksiyası barədə suala verdiyi cavabdan sonra iştirakçılar arasında əhval-ruhiyyə daha da yüksəlib. Aksiya iştirakçıları vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, bir neçə dildə şüarlar səsləndirirlər.


Xatırladaq ki, dövlət başçısı aksiya haqda danışarkən deyib: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar. Birincisi, hər kəs bunu artıq gördü ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili, - bu, hələ bir ay olmayıb, - oradan keçib. Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib, onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni, biz hər şeyi görürdük, hər şeyi bilirdik. Bilirik ki, Rusiya sülhməramlı kontingentinin yük maşınlarının sayı nə qədərdir, ayda nə qədər girir, nə qədər çıxır və indi nə qədər girir, nə qədər çıxır. Təbii ki, onlar orada yaşayan ermənilər üçün ərzaq da və digər lazım olan vasitələr də aparırlar. Biz buna etiraz etmirik. Bizim məqsədimiz blokada deyil. Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib. Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.

 

Yeri gəlmişkən, ötən gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə daha 23 avtomobil maneəsiz hərəkət edib.

 

Bir daha xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası 30 gündür davam edir.


Onu da qeyd edək ki, aksiya iştirakçıları da dəstəyə və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Daha ətraflı REAL TV-nin mövzu ilə bağlı süjetində:

 


**09:14(10.01.2023)

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən il  dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası yeni ilin onuncu gecəsi boyu da davam edib.

 

Təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək də davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

 

Havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıb, daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

 

Hazırda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

 

Aksiya iştirakçılarının tələbləri və şüarları dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".  

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün həmişəki kimi yenə də  tam açıqdır. Yeri gəlmişkən, dünən gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 31 avtomobil maneəsiz hərəkət edib. Bir az əvvəl isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus iki avtomobilin aksiya ərazisindən keçidi təmin olunub. Hazırda bu beynəlxalq təşkilata aid avtomobillər Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edirlər.

 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 30-cu gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.