Havanın şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən il dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası yeni ilin 17-ci gecəsi boyu da davam edib.
Senzor.az bildirir ki, təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək də davamlı şəkildə isti yer, çay və qidalarla təmin olunublar.
Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıb, daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Hazırda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Aksiya iştirakçılarının şüarları dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yeri gəlmişkən, dünən gün ərzində hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 32 avtomobil maneəsiz hərəkət edib. Bir az əvvəl isə sülhməramlıların bir minik maşınının Xankəndidən Laçın istiqamətinə keçidi təmin olunub.
Bunlar bir daha göstərir ki, yolda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur və ermənilərin yolun guya bağlı olması barədə yaydığı məlumatlar dezinformasiyadır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 37-ci gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 7 gün əvvəl yerli televiziya kanallarına müsahibəsində aksiya barədə dedikləri iştirakçıların əhval-ruhiyyəsini daha da yüksəldib.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.