Niderlandda yaşayan Azərbaycan icması Almelo şəhərindəki “Hof 88” teatrında ermənilərin “45 gün: millət uğrunda mübarizə” sənədli filminin nümayişinin qarşısını alıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Senzor.az-a bildiriblər ki, bu məqsədlə etiraz kampaniyasına başlayan soydaşlarımız bir həftə ərzində “Hof 88” teatrının elektron poçtuna məktublar göndəriblər. Eyni zamanda, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Ələkbər Mirhəşimli teatrın rəhbərliyi ilə əlaqə saxlayaraq, Azərbaycan icmasının bu məsələ ilə bağlı narahatlığını diqqətə çatdırıb.
Bundan sonra teatr rəhbərliyi sənədli filmin afişasını https://www.hof88.nl/ saytının elanlar hissəsindən çıxarıb. Lakin Niderlanddakı erməni icmasının sosial şəbəkələrdə filmin təbliğatına başlaması Azərbaycan icmasının etiraz kampaniyasının daha da gücləndirilməsinə səbəb olub.
Bu dəfə artıq teatr rəhbərliyi sənədli filmin nümayişinin dayandırıldığı barədə məlumat yayıb. Bu məlumat etirazçıların hər birinin elektron ünvanına da göndərilib.
“Hof 88” teatrının rəhbərliyi bu addımı indiki həssas durumda filmin nümayişinin doğru olmaması, Niderland Krallığında yaşayan Azərbaycan icması üzvlərinin çoxsaylı məktub və etirazının nəzərə alınması ilə izah edib. Teatr rəhbərliyi, həmçinin filmin məzmununun nəzərə alınmadan nümayiş planına salınmasına görə Azərbaycan icmasından üzr istəyib.
Qeyd edək ki, ötən ilin dekabrında britaniyalı rejissor, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen "Tvitter" mikrobloqunda ərsəyə gətirdiyi “sənədli film”in “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəd olduğu barədə məlumat paylaşıb. O iddia edib ki, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı erməni insanlarının hekayələrindən bəhs edir.