
KTMT liderləri bu gün videokonfrans vasitəsilə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.
Ovqat.com-un bildirildiyinə görə, videokonfransda Əfqanıstanda baş verən hadisələr fonunda təşkilata üzv dövlətlərin təhlükəsizliyinin təmin olunması, həmçinin mümkün sərhədlərarası çağırış və təhdidlərə birgə effektiv cavab verilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
KTMT Təhlükəsizlik Şurasının iclasına Tacikistan Prezidenti Emoməli Rəhmon sədrlik edəcək. Şuranın tərkibinə Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və bir də ötən ilin payız aylarından indiyədək telefon diplomatiyası ilə öz başına çarə axtaran Ermənistanın baş naziri Nikol Paşinyan daxildir.
Ötən gün KTMT-nin həqiqi sahibi sayılan Rusiya Prezidenti Vladimir Putinin mətbuata verdiyi açıqlamadan belə anlaşılırdı ki, Qərb dövlətləri “Taliban” zülmündən qaçan əfqanları Orta Asiya ölkələrində yerləşdirmək barədə düşünürlər. Qərbin bu layihəsinə qarşı çıxan Putin belə bir fikrin ağla gətirilməsini belə, Orta Asiyanın aşağılanması kimi qiymətləndirdi və terrorçuların “əfqan qaçqınları” adı altında öz nüfuz dairəsinə daxil olan coğrafiyaya məskunlaşdırılması planını qınadı.

Bir sözlə, Orta Asiya sərhədlərinin qorunması rus əsgərlərinin öhdəsinə düşə bilər. Əfqanlar isə rus əsgərlərini 1980-ci illərdə bir dəfə, necə deyərlər, dişlərinə vurublar.