
İranın Bakıdakı səfiri Müctəba Dəmirçili Azərbaycan-Gürcüstan sərhədindəki "Qırmızı körpü" gömrük məntəqəsini ziyarət edib.
Bu barədə İranın IRNA agentliyi xəbər verir.
Səfər zamanı diplomat İranın yük maşınları üçün tranzit şərtləri ilə tanış olub və Azərbaycanın gömrük nümayəndələri ilə danışıqlar aparıb. Gömrük əməkdaşları inzibati proseslər və nəqliyyat vasitələrinin yoxlanılmasının müxtəlif üsulları, eləcə də yoxlamaların sürəti və həcminin artırılması planları barədə ətraflı məlumat veriblər.
Nəşr qeyd edir ki, sərhəd məntəqəsi Fars körfəzi, Qara dəniz və Avropa arasında malların tranziti üçün əsas dəhliz rolunu oynayır və İranın Gürcüstan limanları vasitəsilə Şərqi Avropa bazarlarına çıxışını təmin edir.
Bundan başqa, bu marşrut Fars körfəzi sahili dövlətlərini və Hindistanı İran, Azərbaycan və Gürcüstan vasitəsilə Avropa ilə birləşdirir.