İran, Azərbaycan və Gürcüstan razılığa gəliblər?
FARS KÖRFƏZİ-QARA DƏNİZ TRANZİT MARŞRUTU
 

Məlum olduğu kimi, Azərbaycanla İran arasında son zamanlar yaşanan böhranın ən mühüm səbəblərindən biri də Fars körfəzi-Qara dəniz marşrutu ilə əlaqədardı. 


Ovqat.com xatırladır ki, ABŞ-ın Çinə qarşı dəstəklədiyi Hindistan məhsullarının Avropaya nəqlini nəzərdə tutan bu marşrutun Fars körfəzindən başlamaqla İran-Ermənistan-Gürcüstan üzərindən keçərək Qara dənizə açılması planlaşdırılırdı. 
 
Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və həmin marşrutun keçdiyi yolların (Gorus-Qafan yolu kimi) bizim nəzarətimizə keçməsi Tehranda ciddi narahatlıq doğurur, onun tamamilə blokadaya alınması təhlükəsi yaradırdı. İrəvanın bu marşruta alternativ olaraq təqdim etdiyi dolanbac yollar da beynəlxalq ticarət üçün əlverişli deyildi. Belə bir vəziyyətdə Azərbaycan İran üçün daha təhlükəsiz, rahat və çoxşaxəli yollar təklif edə bilərdi. Söhbət burada həm də dəmir yollarından istifadə imkanından gedir. 
 
İran isə Azərbaycanın ona yaradacağı bu imkandan faydalanmaq əvəzinə İrəvanın tərəfini tutur, Bakıya “şir quyruğu” göstərirdi. Qəzəbinin əsas səbəbinin də Türk dünyası arasında kommunikasiya əlaqələrinin yaranmasından qaynaqlandığını gizlətmirdi. 
  Rəsmi Tehranın özünün “qırmızı cizgisi” adlandırmasına baxmayaraq, Azərbaycanın öz ərazilərdə möhkəmlənmək hədəfindən bir addım da geri çəkilməməsi, belə görünür ki, müsbət nəticə verməyə başlayıb. Əslində bu, gözlənilməz də deyildi. Zənnimizcə, İran bu zamanadək “şir quyruqlu” təhdidləri ilə əslində blef edir, Azərbaycandan daha səmərəli şərtlərlə qapı istəyirdi.
 
 İranın yarırəsmi agentliyinin yaydığı bir məlumat göstərir ki, rəsmi Tehran Azərbaycanın təklif etdiyi məxrəcə gəlib. Məlumata görə, İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılıq əldə ediblərİranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi Cavad Hidayəti də "İSNA" agentliyinə açıqlamasında bu faktı təsdiqləyib.
 
RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hidayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla bu məsələ ilə bağlı iki görüş keçirilib və rəsmi Tehran həmin görüşlərdə hər iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılmasını təklif edib: “Bu plan səkkiz il əvvəl təklif edilmişdi, lakin bir çox ölkələrin bu sazişə cəlb olunmaması səbəbindən layihəmiz hələ də həyata keçirilməmiş qalırdı. Çünki tərəflər konsensus əldə edə bilməmişdi. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər”.
 
 Onun bildirdiyinə görə, Gürcüstan və İran sazişin iki əsas tərəfidir: “Çünki İran Fars körfəzi vasitəsilə sərbəst sulara bağlıdır və Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər, ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”.
 
Cavad Hidayəti qeyd edib ki, müqaviləyə əsasən, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək.
 
“Biz bu layihənin pilot mərhələsini 2022-ci ilin mart ayının 20-dək həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”, - Hidayəti vurğulayıb.
 
Qeyd edək ki, İran rəsmisi nə qədər əminliklə danışsa belə, Fars körfəzi-Qara dəniz marşrutunun taleyinə tam aydınlıq gəldiyini düşünmək tələsgənlik olardı. Çünki bu cür çoxtərəfli əməkdaşlıqlarda bütün tərəflər təkcə öz maraqlarından çıxış etmir, həm də müttəfiqlərinin mövqeyini nəzərə alırlar. Üstəlik, İran rəsmisinin layihənin iki əsas tərəfi olduğunu bildirməsi, dolayısıyla Azərbaycanı əsas tərəf-müqabili kimi görməməsi rəsmi Tehranın tərəddüdlərindən xəbər verir. Belə anlaşılır ki, İran Ermənistan məsələsində “ nə əldən qoyur, nə yardan doyur” məntiqilə “bəlkə qaytardılar” xəyalları qurur.
 

Ən əsası isə İran Fars körfəzi-Qara dəniz marşrutu bu gün olmasa belə, yaxın gələcəkdə Çinlə Hindistan arasında ciddi rəqabətə yol aça bilər. Azərbaycan həm də Çinin “Bir yol, Bir Kəmər” layihəsində Orta Dəhliz marşrutunda körpü rolunu oynamağa iddialıdır. Seçim qarşısında qalsa, sözsüz ki, Pakistan və Türkiyə kimi strateji müttəfiqlərinin yer aldığı Çin layihəsinə üstünlük verəcək. 
 
Bütün bunlara rəğmən, Azərbaycan diplomatiyasının İranı Ermənistandan ayırıb özünə bağlaması böyük uğur sayıla bilər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.