İsrail bir sıra Qərb ölkələrinin, o cümlədən İspaniya və Fransanın Fələstinin dövlətçiliyini tanımaq cəhdlərini pisləyir.
Bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.
Budapeştdə Macarıstanın xarici işlər naziri Peter Szijjarto ilə birgə mətbuat konfransında danışan nazir Qüdsdə avtobus dayanacağında atışma nəticəsində 6 nəfərin ölümü ilə nəticələnən terror aktına toxunub: "Biz kiçik ölkəmizin mərkəzində Fələstin terror dövlətini tanımaq çağırışlarını tamamilə rədd edirik. Terror dövlətinin yaradılmasının bir məqsədi var - İsrail dövlətinin ləğvi...".
Onun sözlərinə görə, Qərb dövlətləri tərəfindən Fələstin dövlətçiliyinin tanınması radikal HƏMAS hərəkatı üçün “terrorun mükafatı” olardı və İsrail bunu qəbuledilməz hesab edir. "Fransa, İspaniya - bunlar nəhəng ölkələrdir. Hərdən onların daxili problemlərini eşidəndə mənə elə gəlir ki, bizim problemlərimizlə məşğul olmaq onlar üçün daha asandır. Məndə belə təəssürat yaranır ki, Fransada prezident Makronun böyük problemləri var, amma bu, onun işidir. Onlar Fələstin dövlətinin yaradılmasında çox həvəslidirlər və onların böyük əraziləri var. Onlar öz ərazilərində Fələstin dövlətini yarada bilərlər”.
Teleqraf xatırladır ki, iyulun 24-də Makron ölkəsinin sentyabrda Fələstini tanıyacağını bəyan edib. İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin bu addımı qətiyyətlə pislədiyini və Fələstin dövlətinin yaradılmasını öz təhlükəsizliyinə təhdid kimi gördüyünü bildirib.
İrlandiya, İspaniya və Norveç hakimiyyətləri də Fələstin dövlətini tanıdıqlarını elan ediblər.