İrəvan məhkəməsi biznesmen və "Taşir" Şirkətlər Qrupunun sahibi Samvel Karapetyanı həbsdə saxlayıb.
Bu barədə "Sputnik Ermənistan"a vəkil Aram Vardevanyan məlumat verib.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi müdafiə tərəfinin həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib. Müraciətə yazılı şəkildə baxılıb. Vardevanyan əlavə edib ki, bu məhkəmə qərarından da apellyasiya şikayəti verəcəklər.
Xatırladaq ki, Karapetyan iyun ayında hakimiyyətin təqibləri fonunda Erməni Apostol Kilsəsinin müdafiəsi məqsədilə çıxış etdiyi üçün iki ay müddətinə həbs edilib. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur.
Bir müddət sonra "Taşir" Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı yeni cinayət işi açılıb - şirkət xüsusilə irimiqyaslı çirkli pulların yuyulmasında və vergidən yayınmada şübhəli bilinir. Şirkətin 4 əməkdaşı həbs edilib. Nazirlər Kabineti "Taşir" Şirkətlər Qrupuna daxil olan "Ermənistanın Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsi prosesinə də başlayıb.
Avqustun 15-də məhkəmə "Taşir" Şirkətlər Qrupunun rəhbərinin həbs müddətini daha iki ay uzadıb.