Məlum olduğu kimi, ABŞ iyunun 22-də İranın nüvə obyektlərinə zərbə endirib. ABŞ Prezidenti Donald Tramp hücum nəticəsində İranın bütün nüvə obyektlərinin məhv edildiyini iddia edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran dövlət televiziya şirkəti rəhbərinin müavini Hasan Abedini ölkə rəhbərliyinin ABŞ-ın zərbə endirdiyi üç əsas nüvə obyektinin (Fordo, Natanz və İsfahan – red.) hücumdan əvvəl boşaldıldığını açıqlayıb.
“Zənginləşdirilmiş uran ehtiyatları nüvə mərkəzlərindən çıxarılıb və orada zərbəyə məruz qaldıqda radiasiya yaradacaq, soydaşlarımıza zərər vura biləcək heç bir material qalmayıb”, - deyə Abedini vurğulayıb.
İran parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi isə öz növbəsində qeyd edib ki, İran Fordo nüvə obyektinə hücumu gözləyib, buna görə də, obyekt əvvəldən boşaldılıb.
Bunlardan əlavə, peyk kəşfiyyatı ilə məşğul olan “Maxar” şirkəti qeyd edib ki, ABŞ hücumlarından iki gün əvvəl Fordo zavodu yaxınlığında yük avtomobillərinin və nəqliyyat vasitələrinin qeyri-adi fəallığı müşahidə edilib. Vurğulanıb ki, bu da obyektdən yüksək zəənginləşdirilmiş uranın çıxarılmasından xəbər verir.