Erməni Apostol Kilsəsinin (AEK) həbsdə olan arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Acapaxyan aclıq aksiyasına başlayıblar.
Erməni KİV-i bu barədə Mikael Acapaxyanın vəkillərinə istinadən məlumat yayıb.
“Bizə qarşı konstitusiyaya zidd prosesi pisləyərək, 5 iyul Konstitusiya Günü ilə əlaqədar bir günlük aclıq aksiyası elan edirik”, - məlumatda deyilir.
Xatırladaq ki, Ermənistanda “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan iyunun 26-da həbs olunub. İstintaq din xadiminin və onun tərəfdaşlarının hakimiyyəti ələ keçirmək məqsədi ilə ölkədə terror aktları təşkil etməyi planlaşdırırdıqlarını bildirib.
Bundan bir gün sonra saxlanılan Acapaxyana qarşı açılan cinayət işində o, hakimiyyətin ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtinaya və konstitusiya quruluşunun zorakılıqla devrilməsinə açıq çağırışlarda ittiham edilir.
Bütün bu hadisələr fonunda Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosunun, Erməni Apostol Kilsəsi (EAK) rəhbərinin növbədənkənar seçkilərinin keçirilməsinə çağırıb.