İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib.
Senzor.az bildirir ki, görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov iştirak ediblər.
Ermənistan Baş nazirini isə Baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan müşayiət ediblər.
Sonra görüş təkbətək formatda davam edib və konstruktiv atmosferdə keçib.
Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
Danışıqların 5 saata yaxın davam etdiyi bildirilir.
**09:28
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.