İtaliyanın paytaxtı Romada Ukraynanın Bərpası Konfransı keçirilir.
Senzor.az bildirir ki, iki gün (10-11 iyul) davam edəcək konfransda Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, İspaniyanın Baş naziri Pedro Sançes, Almaniya Kansleri Fridrix Merts, Çex Respublikasının Prezidenti Petr Pavel, eləcə də Yunanıstanın, Polşanın, Albaniyanın, Maltanın və Finlandiyanın Baş nazirləri iştirak edirlər.
Konfransda Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılır.
İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, konfrans çərçivəsində Ukrayna üçün 10 milyard avrodan çox sərmayənin təmin edilməsi ilə bağlı öhdəlik götürülüb.
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, ölkəsi bərpa və yenidənqurma üçün böyük koalisiya yaratmağa çalışır. Qeyd edib ki, Ukraynanın yenidən qurulması üçün Marşal planına ehtiyac var.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen qeyd edib ki, konfrans çərçivəsində imzalanacaq sənədlə zəmanətlər və qrantlar vasitəsilə yenidənqurma üçün 10 milyard avrodan çox investisiyanın önü açılacaq.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bildirib ki, rəsmi Kiyev tək deyil, ölkəsi azadlığı, müstəqilliyi dəstəkləyir və Ukraynanın yenidən qurulmasında baş qəhrəman olmaq istəyir.
Konfrans işini davam etdirir.
Qeyd edək ki, Rusiya ilə münaqişə nəticəsində Ukraynaya dəyən zərər və yenidənqurma işləri, ümumilikdə, 500 milyard avro qiymətləndirilir.