Si Cinpin Aİ liderlərini mürəkkəb qlobal prosesləri düzgün idarə etməyə çağırdı

Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində səfərdə olan Avropa İttifaqı (Aİ) liderləri – Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa Şurasının Sədri Antonio Kosta ilə keçirdiyi görüşdə Brüsselin Çinlə bağlı ticarət siyasətini tənqid edib və hazırda qlobal gərginliyin artması fonunda onları mürəkkəb prosesləri düzgün idarə etməyə çağırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ÇXR Sədri deyib: “Avropanın üzləşdiyi hazırkı çağırışlar Çindən gəlmir”. 

 

O, Aİ liderlərini dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə ticarət əlaqələrini yenidən balanslaşdırmağa, Brüsseli açıq əməkdaşlığa riayət etməyə, fikir ayrılıqları və ixtilafları düzgün idarə etməyə çağırıb.

 

Si Cinpin əlavə edib: “Rəqabət qabiliyyətini artırmaq divarlar və qalalar tikməklə olmur. Təcrid siyasəti və ticarət zəncirlərinin qırılması iqtisadi tənəzzüllə nəticələnə bilər. Ümidvarıq ki, Avropa tərəfi ticarət və investisiya bazarını açıq saxlayacaq, həmçinin məhdudlaşdırıcı iqtisadi və ticarət alətlərindən istifadə etməkdən çəkinəcək”.

 

“Reuters” agentliyi məlumat verir ki, Pekinin Böyük Xalq Salonunda keçirilən görüşdə Fon der Lyayen Çin liderinə əməkdaşlığın dərinləşməsi üzrə problemlərin olduğunu deyib. O, Brüssel və Pekinin artıq dönüş nöqtəsinə çatdığını bildirib və real həll yolları ilə irəliləməyə çağırıb. Avropa Komissiyasının Prezidenti keçən il tarixi 305,8 milyard avroya (360 milyard dollar) çatan Aİ-nin Çin ilə ticarət kəsirinə istinad edib.

 

Keçən il Aİ-nin ticarət siyasəti digər mallarla yanaşı, həmçinin Çinin elektrikli avtomobil ixracını hədəf aldı və onun rəsmiləri dəfələrlə Çin sənayesinin gücündən şikayət ediblər.

 

Brüsselin Çinlə bağlı son mövqeyini bir daha üstüörtülü tənqid edən Si Cinpin, həmçinin Aİ liderlərinə “düzgün strateji seçimlər etmələri” barədə xəbərdarlıq edib.

 

Aİ rəsmiləri daha sonra Çin Dövlət Şurasının Baş naziri Li Keçyanla görüşüblər. Hər iki tərəf hazırda əməkdaşlığın nadir parlaq nöqtələrindən biri olan iqlimlə bağlı təvazökar birgə bəyanatla çıxış edib.

 

Çin ekspertləri bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın ikinci müddətinin əvvəlində hər iki tərəf ABŞ-dan gələn ticarət problemlərini həll etmək üçün birgə iş aparmaq üzrə daha çox konsensus əldə edib. Amma son zamanlar vəziyyət dəyişib və Aİ ABŞ-la güzəştə getməyə davam edib və bu o deməkdir ki, hazırda Aİ-Çin əlaqələrinin yaxınlaşması üçün stimul yoxdur”.

 

Ekspertlərin fikrincə, Pekinə səfər ərəfəsində Aİ liderlərinin Çini Rusiyanın müharibə iqtisadiyyatına şərait yaratmaqda ittiham etməsi də danışıqların gərgin şəraitdə keçdiyinin əlamətidir. Bununla yanaşı, tərəflərin ticari mübahisələri Vaşinqtonun təsirindən kənarda – öz aralarında həll edəcəyi də istisna olunmur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.