İyulun 22-də İstanbulda işə başlayan “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi başa çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sərgidə dünyanın 103 ölkəsindən 231 heyətlə müdafiə nazirləri, baş qərargah rəisləri, qoşun komandanları başda olmaqla, ümumilikdə minə yaxın beynəlxalq nümayəndə iştirak edib.
Sərgidə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil edilib.
“IDEF 2025”də Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunub.
Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. “IDEF 2025”-də ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7,62x54 mm-lik snayper tüfəngi, 2 növ 12,7x108 mm-lik iriçaplı piyada pulemyotu və 14,5x114 mm-lik iriçaplı pulemyot sərgilənib.
Tədbirdə Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərinin bir sıra məhsulları ilk dəfə ictimaiyyətə təqdim edilib. Bunların arasında yeni nəsil müxtəlif təyinatlı raketlər, “EREN” yüksəksürətli çoxməqsədli dövrə vuran sursat, “300 ER” ballistik raket sistemi, “Şimşek-2” peyk buraxılış qurğusu, yeni nəsil anti-PUA sistemi “EJDERHA”, “ASELFLIR 600” elektro-optik kəşfiyyat, müşahidə və hədəfi izləmə sistemi, yüksək dəqiqliklə hədəf aşkarlama radarı, “GÖKSUR VLS” hava hücumundan müdafiə sistemi kimi bir çox texnologiya, eləcə də Türkiyənin ilk milli hücum katerinin modeli yer alıb.
Altı gün davam edən sərgini 120 mindən artıq qonaq ziyarət edib.