Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.
DİN-in Mətbuat Xidmətindən Senzor.az-a bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub.
Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman “Mercedes” markalı avtomobildə sərnişin qismində olan A.Qəhrəmanovdan 1 ədəd “AK” markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb.
O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.
Araşdırmalar zamanı A.Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə yerləşən restoranların birində çalışan qayınatası, 1959-cu il təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən növbəti tədbirlərlə həmin şəxslərin işlədikləri restorandan əlavə 1 ədəd “AK” markalı avtomat silah, 2 ədəd “Makarov” markalı tapança və 30 ədəd patron aşkarlanaraq götürülüb.
N.Həsənov və M.Həsənov ifadələrində qanunsuz saxladıqları odlu silah-sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər.
Tədbirlərin davamı olaraq A.Qəhrəmanovun daha əvvəl M.Həsənovla birlikdə odlu silahı satdığı şəxs - Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb.
Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi 1 ədəd atəşə yararlı “CZ” markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, A.Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə baxış zamanı 1 ədəd pnevmatik tapança da aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.