
ABŞ Prezidenti Donald Tramp uzun müddət Rusiya ilə bağlı yeni sanksiyalara qarşı çıxaraq Ukrayna müharibəsini Moskva ilə şəxsi razılaşma yolu ilə dayandırmaq niyyətində idi.
"Bloomberg"in məlumatına görə, Tramp bu planından dövlət katibi Marko Rubionun təsiri nəticəsində imtina edib.
Agentliyin məlumatına əsasən, Rubio Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan siyasətçidir. Onun Moskvanın mövqeyində real dəyişikliklərin baş vermədiyi barədə qiymətləndirməsi Trampın qərarına həlledici təsir göstərib.
Rubio hazırda həm dövlət katibi, həm də Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini icra edir. Onun yanaşması Rusiyaya qarşı daha sərt və prinsipial xətt kimi qiymətləndirilir və bu, Trampın əvvəlki xüsusi elçisi Stiv Uitkofun daha yumşaq diplomatik strategiyası ilə ziddiyyət təşkil edir.
Agentlik qeyd edir ki, Uitkofun mövqeyinin zəifləməsi barədə açıq əlamətlər olmasa da, Tramp administrasiyasında Rubionun nüfuzu artıb. Uitkof bu həftə Yaxın Şərqdə olub və Qəzza zolağında atəşkəsin qorunmasına nəzarət missiyasını davam etdirib.
Məlumata görə, Uitkofun Putin və digər yüksək rütbəli rus rəsmilərlə avqustda Alyaskada keçiriləcək sammit ərəfəsində apardığı danışıqlar Moskvadan güzəşt siqnalı kimi dəyərləndirilib və bu, Vaşinqtonda situasiyanın yanlış təfsirinə səbəb olub. Bundan sonra görüşün hazırlanmasına Rübio rəhbərlik etməyə başlayıb.
Ağ Evin mətbuat katibi Anna Kelli məlumatları şərh edərək bildirib ki, xarici siyasət qərarlarında son söz Trampa məxsusdur, Rubio və Uitkof isə “vahid komanda kimi” işləməyə davam edirlər.