
Rusiya “Poseydon” nüvə enerjisi ilə işləyən sualtı pilotsuz aparatını uğurla sınaqdan keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin P.V.Mandrıka adına Mərkəzi Hərbi Klinik Xəstəxanasında olarkən məlumat verib.
Məlumata görə, onun nüvə enerji qurğusunun göstəriciləri “Sarmat” qitələrarası ballistik raketinin göstəricilərini xeyli üstələyir.
“Dünən biz perspektivli bir sistem – “Poseydon” sualtı pilotsuz aparatını növbəti dəfə sınaqdan keçirdik. Bu dəfə biz onu yalnız start mühərriki vasitəsilə sualtı daşıyıcı qayıqdan işə salmaqla kifayətlənmədik, həm də aparatın müəyyən vaxtdan sonra nüvə enerji qurğusunu aktivləşdirməsini təmin etdik”, – deyə Prezident bildirib.
Vladimir Putin vurğulayıb ki, bu pilotsuz aparatının dünyada bənzəri və onun qarşısını almaq üçün mövcud vasitə yoxdur.
Prezidentin sözlərinə görə, “Poseydon”un nüvə reaktoru minimal ölçülərə malik olsa da, onun göstəriciləri “Sarmat” qitələrarası ballistik raketinin, eləcə də ən müasir qitələrarası ballistik raketlərin gücünü xeyli üstələyir.