
Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.
Senzor.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.
Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.
Sonra Ümummili Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı paradda çıxış etdi.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi.
Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı.
Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları “Vətənə xidmətə görə” ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirildi.
Sonra Xüsusi Təyinatlı Qüvvələrin parad heyətləri tribuna qarşısından keçdilər. Parad heyətlərinə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov rəhbərlik edirdi.
Ardınca "Qarabağ" ordenli polkovnik Zamiq Əmirov, "Azərbaycan Bayrağı” ordenli polkovniklər Çingiz Əliyev, Mərdan Musayev və Vətən Müharibəsi Qəhrəmanı polkovnik İlqar Orucovun başçılıq etdikləri parad heyətləri tribunanın önündən keçdilər.
Hərbi paradda Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbçiləri də iştirak etdilər. İki kolondan ibarət parad heyətinə polkovnik-leytenant Uğur Alan rəhbərlik edirdi.
İlk dəfə olaraq paytaxt Bakının Azadlıq meydanında Pakistan İslam Respublikası Ordusunun mayoru Saqib Alamın başçılıq etdiyi parad heyəti mətin addımlarla tribunanın qarşısından keçdi.
Quru Qoşunların bayrağı altında ordu korpuslarının tribuna önündən keçən parad heyətlərinə müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-polkovnik Hikmət Mirzəyev rəhbərlik edirdi.
Daha sonra "Qarabağ" ordenli polkovnik Teymur Məmmədovun başçılığı ilə Birinci Ordu korpusunun, "Rəşadət" ordenli general-mayor Vilayət Quliyevin rəhbərliyi ilə İkinci Ordu korpusunun, "Azərbaycan Bayrağı" ordenli general-mayor Bilal Çompuzovun başçılığı ilə Üçüncü Ordu korpusunun, "Vətənə xidmətə görə” ordenli general-mayor İdris Məhərrəmovun rəhbərliyi ilə Dördüncü Ordu korpusunun, "Zəfər" ordenli general-mayor Akif Pirverdiyevin başçılığı ilə Beşinci Ordu korpusunun, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Kənan Seyidovun rəhbərliyi ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tribuna qarşısından keçdilər.
"Azərbaycan Bayrağı" ordenli general-mayor Anar Hüseynovun başçılığı ilə Hərbi Hava Qüvvələrinin parad heyəti, “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynovun rəhbərlik etdiyi İnsansız Sistem Qoşunlarının parad heyəti, "Hərbi Xidmətlərə görə" medallı Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Şahin Məmmədovun başçılıq etdiyi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin parad heyəti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Xaliq İbrahimovun rəhbərliyi ilə dəniz piyadalarından ibarət parad heyəti, "Vətənə xidmətə görə" ordenli 2-ci dərəcəli kapitan Sirac Siracovun başçılıq etdiyi dəniz xüsusi təyinatlılarından ibarət parad heyəti, "Vətənə xidmətə görə" ordenli polkovnik Aqil Cəbrayılovun rəhbərlik etdiyi Raket və Artilleriya Qoşunlarının parad heyəti Azadlıq meydanına daxil oldular.
Müdafiə Nazirliyi Hərbi Polisinin hərbi qulluqçuları "Vətənə xidmətə görə" ordenli general-mayor Elgün Əliyevin, Dövlət Sərhəd Xidmətinin 2 kolondan ibarət parad heyəti Vətən Müharibəsi Qəhrəmanı” general-leytenant İlham Mehdiyevin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı bölmələrinin 2 kolondan ibarət hərbi qulluqçuları "Vətənə xidmətə görə" ordenli general-mayor Tofiq Hüseynovun rəhbərliyi ilə mətin addımlarla tribunanın önündən keçdilər.
Sonra Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” və Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” xüsusi təyinatlılarından ibarət parad heyətləri tribunanın qarşısından addımladılar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə “Qarabağ” ordenli general-mayor Cabir Cəfərov başçılıq edirdi.
Dövlət Mühafizə Xidmətinin “Hərbi xidmətlərə görə” medallı polkovnik-leytenantı Eldar Quliyevin rəhbərlik etdiyi Milli Qvardiyanın parad heyəti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin "Şücaətə görə" medallı polkovniki Orxan Novruzovun başçılıq etdiyi parad heyəti, Fövqəladə Hallar Nazirliyinin "Hərbi xidmətlərə görə" medallı polkovniki Xaliq Hüseynovun rəhbərlik etdiyi parad heyəti, Milli Müdafiə Universitetinin "Hərbi xidmətlərə görə" medallı rektoru general-mayor Gündüz Əbdülovun başçılıq etdiyi parad heyəti, Heydər Əliyev adına Hərbi İnstitutun "Qarabağ" ordenli general-mayoru Ümidvar Quliyevin rəhbərlik etdiyi parad heyəti, Bakı Hərbi Kollecinin “Vətən uğrunda" medallı polkovniki İntiqam Mirzəyevin başçılıq etdiyi parad heyəti, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanovun rəhbərlik etdiyi parad heyəti tribunanın önündən keçdilər.
**
Ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirdi.
Daha sonra hərbi texnikaların keçidi oldu.
Bundan sonra xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri kolonu Azadlıq meydanına daxil oldu. Kolona “Vətən uğrunda” medalı ilə təltif edilmiş general-mayor Eldəniz Yəhyayev başçılıq edirdi.
Azadlıq meydanından keçid edən, üzərində 12,7 millimetrlik NSV pulemyotları, tankəleyhinə idarəolunan “SPIKE-ER”, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri, silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “SKİF” raket kompleksi, “BTR-82A” zirehli transportyorları, “PDM-3” Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirdi.
Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi oldu. Kolona “Vətən uğrunda” medalı ilə təltif olunmuş general-mayor Zaur Yusifli başçılıq edirdi. Tribuna önündən “S-125 TM”, “BUK-MB”, “BUK-MB2K”, “İLDIRIM-8”, “S-300 FAVORİT” və “TOR-2M” zenit-raket komplekslərinin keçidi oldu. Ardınca silahlanmaya yeni qəbul edilmiş Yerli Müdafiə Sənayesinin məhsulu “VİKİNQ” hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit qurğusu və “HQ-9” uzaqmənzilli zenit-raket kompleksi nümayiş olundu.
Sonra İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları və digər insansız vasitələri təqdim edildi. Kolona “Azərbaycan Bayrağı” ordenli general-mayor İlqar Qafarov başçılıq edirdi. Azadlıq meydanına üzərində “Orbiter-1KM” zərbə pilotsuz uçuş aparatları, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat pilotsuz uçuş aparatları, “Aerostar” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, “Bayraktar-TB2” silahlı kəşfiyyat pilotsuz uçuş aparatı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120”, “Sky Striker” sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, “Harop” zərbə pilotsuz uçuş aparatları, “Hermes-450” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatı yerləşdirilmiş “Marauder” və “Matador” tipli minaəleyhinə zirehli nəqliyyat vasitələri daxil oldu.
Ardınca Azadlıq meydanına artilleriya silahları sistemlərinin kolonu daxil oldu. Kolona “Zəfər” ordenli general-leytenant Ağamir Sultanov başçılıq edirdi. Meydanda 120 millimetrlik “Vena” özüyeriyən minaatan qurğusu və artilleriya qurğuları - 122 millimetrlik “Qvozdika”, 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “MSTA-S”, 203 millimetrlik “Pion”, həmçinin 220 millimetrlik “TOS-1A” ağır odsaçan, tankəleyhinə “Xrizantema-S” kompleksləri, “DANA” özüyeriyən artilleriya sistemi, 155 millimetrlik uzaqmənzilli “NORA” və 155 millimetrlik uzaqmənzilli “DİTA” özüyeriyən artilleriya sistemləri, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” idarəolunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik “QRAD-LAR” yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, “Qasırğa” taktiki raket kompleksi, 300 millimetrlik uzaqmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı “Smerç” yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik “Ekstra” taktiki raket kompleksi, 306 millimetrlik “Polonez” əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksəkdəqiqlikli “Predator Hawk” əməliyyat taktiki raket kompleksi, beşinci nəsil İCEBREAKER qanadlı raket kompleksi və “LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi oldu.
**
Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu oldu. “Akıncı” pilotsuz uçuş aparatı Bakı səmasında, Azadlıq meydanı üzərində 900-1500 metr hündürlükdə dövrə vuraraq çəkilişlər apardı.
Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyan “Mİ-17” döyüş-nəqliyyat helikopterləri üçlüyünə Vətən Müharibəsi qəhrəmanları – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və polkovnik Rəşad Nadirov başçılıq edirdi. “Qarabağ” ordenli general-mayor Zaur Rüstəmovun başçılığı ilə “Mİ-17” helikopteri isə Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirdi.
Paytaxt səmasında təntənəli aviasiya nümayişləri davam etdi. Əvvəlcə polkovnik-leytenant Ziya Əliyevin başçılıq etdiyi uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş “Mİ-17” döyüş-nəqliyyat helikopterləri beşliyi klin düzülüşündə Azadlıq meydanının üzərindən keçdi. Növbəti mərhələdə “Mİ-17” döyüş-nəqliyyat helikopterlərinin beşliyi klin düzülüşündə uçaraq tamaşaçılara heyranedici anlar yaşatdı. Bu beşliyə “Vətənə xidmətə görə” ordenli polkovnik-leytenant Sabit Hüseynov rəhbərlik edirdi.
Daha sonra polkovnik-leytenant Aslan Ramazanovun başçılığı ilə “MFİ-17” təlim təyyarələrinin beşliyi səmada dövrə vurdu. Ardınca “L-39” təlim təyyarələrinin beşliyi klin düzülüşündə nümayişini davam etdirdi. Qrupun rəhbəri “Vətənə xidmətə görə” ordenli polkovnik Əliyar Əsgərov idi. “İL-76” hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş “C-27J” yük təyyarələrindən ibarət üçlüyü polkovnik-leytenant Zəfər Fərhadov, “Rəşadət” ordenli polkovnik Ruslan Ələkbərov və “Qarabağ” ordenli polkovnik Vüqar Salahov idarə etdilər. Silahlanmaya yeni daxil olan “JF-17” çoxməqsədli qırıcı təyyarələrinin beşliyi də klin düzülüşündə nümayişini davam etdirdi. Qrupa “Vətənə xidmətə görə” ordenli polkovnik Novruz Tahirov başçılıq edirdi. Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən “F-16” çoxməqsədli qırıcı təyyarələr beşliyi Bakı səmasında peşəkar uçuş nümayiş etdirdi. Beşliyə Albay Nevzat Oflamaz başçılıq edirdi. Təkmilləşdirilmiş “SU-25-Laçın” hücum təyyarələri beşliyinin başçısı “Qarabağ” ordenli general-mayor Həsən Əlövsədov, 2-ci pilotu isə “Vətənə xidmətə görə” ordenli polkovnik Anar Həsənov idi. Sonuncu - Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini paytaxt səmasında canlandıran “SU-25” hücum təyyarələri qrupuna “Vətənə xidmətə görə” ordenli polkovnik Ruslan Məmmədrzayev başçılıq edirdi.
Bununla da Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi parad başa çatdı.