
Fransa və Böyük Britaniya "istəklilər koalisiyası"nın bazasında Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə işçi qrup yaradacaq, bu prosesdə Türkiyə və ABŞ da iştirak edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu koalisiya iclasının yekununda Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
"Biz qərara gəldik ki, sabahdan etibarən Fransa və Böyük Britaniyanın rəhbərliyi altında dəniz sahəsində əsas rol oynayan Türkiyənin sıx iştirakı və ilk dəfə olaraq ABŞ-ın da qatılması ilə işçi qrup fəaliyyətə başlasın", – deyə Fransa lideri bildirib.
Onun çıxışının yayımı Yelisey sarayının "X" sosial şəbəkə səhifəsində aparılıb.
Makronun fikrincə, istənilən təcavüzün qarşısını almaq üçün Ukrayna ordusunun sayı məhdudlaşdırılmamalıdır. "Bundan başqa, ikinci xətdə Ukrayna ordusunu gücləndirəcək ehtiyat qüvvələr olmalıdır", - o əlavə edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl bəyan edib ki, Moskva heç bir halda NATO ölkələrinin hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsinə imkan verməyəcək. Onun sözlərinə görə, Alyans qoşunlarının Ukrayna torpağında olması Rusiya üçün təhdid təşkil edir.