![]()
Noyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya dəstək məqsədilə yaradılmış "Könüllülər Koalisiyası”nın videokonfrans formatındakı liderlər zirvəsində iştirak edib.
Senzor.az bildirir ki, 35 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən görüş zamanı Ukrayna-Rusiya müharibəsindəki son vəziyyət, döyüşlərin dayandırılması istiqamətində atılacaq addımlar və sülh təşəbbüsləri müzakirə olunub.
Mətbuata qapalı keçirilən zirvənin yekunlarına dair açıqlama verən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bildirib ki, Prezident Ərdoğan tədbir iştirakçılarına rəsmi Ankaranın münaqişə ilə bağlı mövqeyini çatdırıb.
Türkiyə liderinin sözlərinə görə, Ankara ədalətli və uzunmüddətli sülhün tezliklə bərqərar olması üçün diplomatik səylərini davam etdirir və bu məqsədlə tərəfləri birbaşa danışıqlara sövq edir.
Prezident qeyd edib ki, Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçirilə bilər. Türkiyə tərəfi bu istiqamətdə həm Moskva, həm də Kiyevlə müzakirələri davam etdirir.
Türkiyə lideri bildirib ki, enerji sektoru və limanları da əhatə edəcək atəşkəs razılaşması genişmiqyaslı sülh müqaviləsinin müzakirəsi baxımından əlverişli şərait yarada bilər.