
Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları onun öz qoşunlarını geri çəkəcəyi halda dayandıracaq.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda KTMT sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
"Biz hələ də müxtəlif yerlərdə döyüş əməliyyatlarının dayandırılması barədə "çağırışlar" alırıq. Ukrayna qoşunları tutduqları ərazilərdən çıxacaqsa, döyüş əməliyyatları da dayanacaq. Çıxmayacaqlarsa, biz buna silahlı yolla nail olacağıq", - Putin qeyd edib.
Onun sözlərinə görə, düşmən üçün ən böyük problem onun təmas xəttinə göndərməyə qadir olduğu hərbçilərin sayı ilə itkilər arasındakı fərqin artmasıdır. Ukrayna Silahlı Qüvvələri təkcə oktyabr ayında 47,5 min hərbçi itirib.
Rusiya lideri bildirib ki, Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb, sadəcə müzakirə üçün bir sıra məsələlər olub.
V.Putin Rusiyanın Avropaya hücum etmə ehtimalı ilə bağlı iddialara da toxunub və onları yalan, cəfəngiyyat adlandırıb: "Rusiya Qərblə Avropa təhlükəsizliyi və strateji sabitlik məsələlərini müzakirə etməyə hazırdır".
Rusiya Prezidenti jurnalistlərin müxtəlif məsələlər barədə digər suallarını da cavablandırıb.