
Avropa liderləri dekabrın 1-də telefon danışığında Ukrayna Prezidenti Volodimir Zelenskiyə ABŞ-dən möhkəm təhlükəsizlik zəmanəti olmadan Rusiyanın heç bir tələbi ilə razılaşmamaq barədə xəbərdarlıq ediblər.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Ukrayna lideri ilə söhbət Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirakı ilə aparılıb. Avropa liderləri istənilən sövdələşmədə Ukraynaya təklif olunan təhlükəsizlik zəmanətlərində ABŞ-ın mühüm rol oynamasında israr ediblər.
Makron telefon danışığı zamanı bildirib ki, Kiyev mümkün sazişin yekun şərtləri ilə razılaşmadan əvvəl Vaşinqton Ukraynanı necə müdafiə edəcəklərini aydın şəkildə göstərməlidir. Həmçinin, Merts Zelenskiyə yaxın günlərdə çox diqqətli olması barədə xəbərdarlıq edərək, amerikalıların Ukrayna və avropalılarla oyun oynadıqlarını deyib.
WSJ yazıb ki, Kiyev və digər Avropa paytaxtlarında Rusiyanın potensial sülh razılaşmasını pozacağı və Ukraynaya yenidən hücum edəcəyi təqdirdə Vaşinqtonun öz hərəkətlərinə aydınlıq gətirməməsi ilə bağlı narahatlıq artır.
Makron və Merts Avropa liderlərinin danışıqlara qatımalarına təkid edirlər.
Ukrayna dəfələrlə bəyan edib ki, NATO-ya üzvlük əvəzinə ABŞ və Avropa Rusiyanı gələcək hücumdan çəkindirmə vasitəsi kimi onun müdafiəsini təmin etməlidir.
Avropa rəsmiləri bildirirlər ki, Pentaqon Vaşinqtonun mümkün təhlükəsizlik öhdəlikləri üçün plan hazırlayıb, amma ABŞ-ın hansı öhdəlikləri götürəcəyi ilə bağlı siyasi qərar hələ verilməyib.(“Teleqraf”)