
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqında (Aİ) dondurulmuş Rusiya aktivləri ilə bağlı suala cavab olaraq, bunun oğurluq deyil, açıq soyğunçuluq olduğunu bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “Vladimir Putinlə ilin yekunları” proqramında danışıb.
Onun sözlərinə görə, bu cür “soyğunçuluğu” praktikada reallaşdırmaq təşəbbüskarların özü üçün ciddi nəticələrə səbəb ola bilər.
Rusiya Prezidenti xarici vəsaitlərin ələ keçirilməsi cəhdlərinin ölkənin imicinə xələl gətirməklə yanaşı, avrozonada etimadı da sarsıtdığını qeyd edib: “Qızıl və valyuta ehtiyatlarını Avropa yurisdiksiyası altında saxlayan bir çox ölkə artıq baş verənləri diqqətlə izləyir. Avrozonada ehtiyatlarını saxlayan təkcə Rusiya deyil, digər ölkələr, əsasən neft hasil edən ölkələr də var. Onlar baş verənlərə baxır və onlarda şübhə və narahatlıqlar yaranmağa başlayıb”.
O, həmçinin əlavə edib ki, Rusiya öz maraqlarını məhkəmə qaydasında müdafiə edəcək. “Biz maraqlarımızı, ilk növbədə, məhkəmələrdə müdafiə edəcəyik və siyasi qərarlardan asılı olmayan yurisdiksiya tapmağa çalışacağıq”, - deyə Rusiya dövlət başçısı bildirib.
Rusiya lideri ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə münaqişəyə son qoymaq üçün ciddi səylər göstərdiyini bildirib: “Məncə, o, bunu tam səmimiyyətlə edir”.
Onun sözlərinə görə, Trampla Ankoricdə (Alyaska- red.) keçirilən görüşdə tərəflər ABŞ Prezidentinin təkliflərini razılaşdırıblar. “Biz Prezident Trampın təkliflərini razılaşdırdıq və praktik olaraq razılaşdıq. Buna görə də, nəyisə rədd etdiyimizi demək, tamamilə yanlışdır və heç bir əsası yoxdur”, - deyə Putin vurğulayıb.
V.Putin əlavə edib ki, qəbul edilən qərarların mürəkkəbliyinə baxmayaraq, Rusiya güzəştlərə razı olub. “Bunlar bizim üçün sadə qərarlar olmayıb, amma biz təklif olunan güzəştlərlə razıyıq”, - deyə o bildirib.
Sonda Putin vəziyyətin bundan sonrakı inkişafına görə məsuliyyətin Qərb tərəfində olduğunu bildirib. “Top tamamilə bizim Qərb rəqiblərimizin tərəfindədir”, - deyə Rusiya Prezidenti vurğulayaraq əlavə edib ki, Rusiya “həm danışıqlara, həm də münaqişəni dinc yolla başa vurmağa hazırdır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin "birbaşa xətt"i və mətbuat konfransı - "İlin yekunları" proqramı 4 saat 27 dəqiqə davam edib.
Proqram ərzində o, 42 jurnalistin suallarını, "birbaşa xətt"ə daxil olan 16 sualı, həmçinin blits formatında 15 sualı cavablandırıb.
**13:54
Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, proqram zamanı Rusiya Prezidenti ötən ilə yekun vuracaq və ölkə jurnalistləri və sakinlərinin suallarını cavablandıracaq.
Bakı vaxtı ilə saat 13:00-da başlayan proqram mətbuat konfransı və birbaşa xətt formatında keçirilir. Bu format ilk dəfə 2023-cü ildə istifadə edilib və Putinin 2001-ci ildən bəri keçirdiyi iki ayrı illik tədbiri əvəz edib.
Builki birbaşa xəttə 2 milyondan çox sual daxil olub. Sualların toplanması dekabrın 4-də açılıb və canlı yayımın sonuna qədər davam edəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bundan əvvəl bildirdiyi kimi, Putin tədbirə əvvəlcədən hazırlaşıb, müvafiq qurumların məlumatlarını və statistik məlumatları təhlil edib.
Proqram çərçivəsində Rusiya Prezidenti iqtisadi, sosial və beynəlxalq gündəmlərlə bağlı sualları cavablandırır. Ötən il “İlin yekunları” verilişi 4 saat 27 dəqiqə davam etmiş və dövlət başçısı 76 sualı cavablandırmışdı. Ən davamlı canlı telefon xətti isə 2013-cü ildə baş tutmuş və 4 saat 47 dəqiqə davam etmişdi.