
TƏBİB Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqların etirazına münasibət bildirib.
Qeyd olunub ki, stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir.
Bildirilib ki, təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib: “Eyni zamanda, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərib ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.
**13:55
Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər.
APA xəbər verir ki, TƏBİB-in binasına gələn stomatoloqlar 150–200 min əhalisi olan rayonlarda hər xəstəxanada yalnız 3 stomatoloq ştatının saxlanıldığını və tələbin daha yüksək olduğunu vurğulayırlar.
“Zaqatala rayonundan gəlmişəm. Zaqatala endemik zonadır. 130 min əhalisi var. Rayonda 22 təhsilli həkim var. 19 həkimi ixtisar edib, cəmi 3 həkim saxlayıblar. 130 min əhaliyə 3 həkimin xidmət etməsi nə dərəcədə düzgündür? 34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur? Deyirlər imtiyazlı həkimlər var. Özüm şəkər xəstəsiyəm, bəs niyə ilk növbədə məni ixtisar edirlər? Aramızda ürək xəstəsi olan, körpəsi olan var. Hamısını ixtisar ediblər. Niyə insanlar özəl klinikaya getməyə məcbur qalmalıdır?”, - stomatoloq Ülkər Qazıyeva bildirib.
Ülkər Qazıyeva TƏBİB rəhbərliyinin onların suallarını cavablandırmadığını qeyd edib. O, artıq üçüncü dəfədir TƏBİB-in binasına gəldiklərini əlavə edib.
“184 min əhalisi olan Xaçmazda 27 stomatoloq var. Hər 3-4 min nəfərə xidmət göstərəcək 1 stomatoloq lazımdır. Onları da ixtisar edirlər. Bizi maliyyələşdirmirlər, bütün materialların, hətta assistentin ödənişini özümüz edirik. Bundan əlavə, aylıq 1200-1800 manat ödəniş istəyirlər. Verdikləri maaş da 531 manatdır. Onsuz da Azərbaycanda həkim çatışmazlığı var. Bu ixtisarların əsası nədir? Heç bir sualımız cavablandırılmır. Regionlar üzrə 1 140 nəfər həkimi ixtisar etmək istəyirlər”, - stomatoloq Aydın Rəşidov vurğulayıb.
33 ildir stomatoloq kimi çalışdığını bildirən Xavər Babayevanın sözlərinə görə, onlara heç bir təminat verilməyib, avadanlıqla təmin edilməyiblər.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu verilib.



