
İran Prezidenti Məsud Pezeşkian Tehranda etiraz aksiyalarına qarşı təşkil edilən genişmiqyaslı hökumətyönlü nümayişdə iştirak edib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə başçısı paytaxtın mərkəzində yerləşən “İnqilab” meydanına gələrək aksiya iştirakçılarına qoşulub.
Prezidentlə bərabər, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi də meydanda nümayişçilər arasında yer alıblar.
Qeyd edək ki, parlament sədri Qalibaf aksiyada çıxış edərək son etirazları pisləyib və nümayişçilərə qarşı sərt mövqe nümayiş etdirib.
Xatırladaq ki, hökumətyönlü mitinqlər təkcə Tehranda deyil, həm də bir çox digər iri şəhərlərdə keçirilib. Nümayişçilər dövlətə sadiqliklərini ifadə edərək iğtişaşlara son qoyulmasını tələb ediblər.
Prezident Məsud Pezeşkian dəstəyə görə İran xalqına təşəkkür edib. "Belə xalqın nümayəndəsi olmaqdan qürur duyuram, çünki bəzi güclərin hiylələri puç oldu" , - o bildirib.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın - rialın devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələrinin əməkdaşları, həm də iğtişaşlarda iştirak edənlər arasında ölənlər və xəsarət alanlar var.