
Amerika lideri Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı gələcək razılaşmaların icrasına nəzarət edəcək xüsusi qurumun – “Sülh Şurası”nın yaradılmasını nəzərdən keçirir.
“Financial Times (FT)” nəşrinin məlumatına görə, oxşar mexanizm daha əvvəl Qəzza zolağında döyüşlərin dayandırılması üçün hazırlanıb və indi həmin modelin Ukrayna, hətta Venesuela kontekstinə uyğunlaşdırılması planlaşdırılır.
“ABŞ ilə aparılan danışıqlarda iştirak edən ukraynalı məmurlardan biri “Sülh Şurası”nın yaradılmasının Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsinə yönəlmiş daha geniş təşəbbüslər paketinin əsas elementlərindən biri kimi dəyərləndirildiyini bildirib”, - qəzet yazır.
Nəşr bildirir ki, Şuraya şəxsən Donald Trampın rəhbərlik etməsi mümkündür. Qurumun tərkibinə Ukrayna, Rusiya, Avropa və NATO-nun nümayəndələrinin daxil edilməsi təklif olunur.
“Sülh Şurası”nın əsas məqsədi əldə olunacaq sülh planının kağız üzərində qalmasının qarşısını almaq və onun bütün tərəflər tərəfindən real şəkildə icra olunmasını təmin etməkdir.
Xatırladaq ki, bundan əvvəl Ağ Ev administrasiyası Qəzza sektorunda formalaşdırılmış Sülh Şurasının tərkibini açıqlayıb.