
Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə keçirilən ikigünlük danışıqlar zamanı birbaşa əlaqə saxlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ABŞ-ın təklif etdiyi sülh sazişinin həll olunmamış elementlərinə diqqət yetiriblər.
"İki gün ərzində Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında münaqişənin sülh yolu ilə həllində irəliləyiş əldə etmək üçün davam edən səylər çərçivəsində misli görünməmiş üçtərəfli məsləhətləşmələr baş tutub. Müzakirələr konstruktiv və müsbət atmosferdə keçib. Danışıqlara ABŞ-ın təklif etdiyi sülh tənzimlənməsinin həll olunmamış elementləri, hərtərəfli sazişə nail olmaq üçün etimad quruculuğu tədbirləri ilə əlaqədar Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa təmas da daxil idi", - bəyanatda deyilir.
Qeyd edək ki, cümə və şənbə günləri Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilib.
Bu arada Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, gələn həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsi keçiriləcək. Onun sözlərinə görə, BƏƏ-nin ev sahibliyi etdiyi ikigünlük son üçtərəfli danışıqlar çox konstruktiv mühitdə baş tutub və müzakirələrin gələn həftə Əbu-Dabidə davam etdirilməsi razılaşdırılıb.
Xüsusi nümayəndə onu da əlavə edib ki, Tramp administrasiyası münaqişəyə son qoymaqda qətiyyətlidir.