
Senzor.az bildirir ki, kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərin zəruriliyini nəzərə alaraq bu il fevralın 22-də informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən təşkilatların, həmçinin mütəxəssislərin vahid platforması olan AKTA təsis edilib. AKTA-nın İdarə Heyətinin sədri Rahid Ələkbərovdur.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.
Mərasimində çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, dünyada baş verən rəqəmsallaşma Azərbaycanı da bir sıra çağırışlarla üz-üzə qoyur.

Nazir əlavə edib ki, kibertəhlükəsizliklə bağlı milli strategiya yekunlaşmaq üzrədir: "44 günlük Vətən müharibəsində biz gördük ki, yerdə olan təhdidlərlə yanaşı virtual aləmdə olan təhlükələr də vacibdir. Biz artıq gedəcəyimiz yolun strategiyası barədə düşündük. Ona görə də, 2022-2027-ci illər üzrə informasiya və kibertəhlükəsizlik sahəsində strategiya var. Hesab edirəm ki, yaxın zamanlarda bu strategiya qəbul olunmaqla bizim bu sahədəki işlərimizə öz təkanını verəcək".
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə mərasimdə bildirib ki, yaxın 10 il ərzində dünyada kibertəhlükəsizlik üzrə iş yerlərinin sayının 31% artacağı gözlənilir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini İlqar Musayev təqdimat mərasimində bildirib ki, kibertəhlükə ilə mübarizədə uğurlu nəticələrin əldə olunması üçün dövlət və özəl sektorda fəaliyyət göstərən subyektlərin, vətəndaş cəmiyyətlərinin birgə işinə ehtiyac var.

İ.Musayev həmçinin deyib ki, DTX tərəfindən həyata keçirilən kiber əməliyyatlar nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinə zəruri dəstək verilib.
“Azərbaycanda 2022-2023-cü tədris ili üçün bakalavr səviyyəsində İKT ixtisasları üzrə qəbul yerlərinin sayı 3 750 olacaq. Bu, 2017-2018-ci tədris ilinə nisbətən 1,9 dəfə çoxdur. Həmin il qəbul yerlərinin sayı 1 964 olub”.
Bunu isə təqdimat mərasimində təhsil naziri Emin Əmrullayev deyib.



