Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalı start götürüb.
Senzor.az bildirir ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda ilk “TEKNOFEST” Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Festivalın açılışı bu möhtəşəm tədbirə hazırlığın gedişatını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış ediblər.
Nazir Rəşad Nəbiyev Türkiyə nümayəndə heyətini və bütün iştirakçıları salamlayaraq bildirib ki, “TEKNOFEST” Türkiyədən kənarda ilk dəfə məhz Azərbaycanda keçirilir.
“Bu festival Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır”“Bu festival ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir”, – deyə nazir vurğulayıb.
Nazir Rəşad Nəbiyev, həmçinin qeyd edib ki, “TEKNOFEST Azərbaycan” festivalına qatılan gənclərin ən böyük qazancı əldə etdikləri təcrübələrdir. Festival gənclərin texnologiya və innovasiya sahəsində potensialının üzə çıxarılması üçün unikal platformadır.
“TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri, eyni zamanda, “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Selçuk Bayraktar qardaş Azərbaycanda olmaqdan qürur duyduğunu deyib.
“TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı”“Bir millət, iki dövlət olaraq qardaşlığımız dəfələrlə sınandı və şükürlər olsun hər dəfəsində könül bağımız daha da qüvvətləndi. Azərbaycanda gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq. Bakını İstanbuldan fərqləndirməyən Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən yüksək texnoloji milli pilotsuz uçuş aparatlarını hazırlayan türk mühəndisləri də eyni ruha sahibdirlər. Bizim ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda, qardaşlığımızın zirvəsidir. Bu səbəblə Qarabağı yenidən vətən torpağı edən Zəfərin əsl memarı olan əziz şəhidlərimizi bir daha qarşınızda anıram. Ruhları şad olsun”, - deyə Selçuk Bayraktar qeyd edib.
“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı gənclərə müraciət edərək deyib ki, bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdırlar. Gənclər bu istiqamətdə özlərini təsdiqləməli, bilik və bacarıqlarını daim artırmalıdırlar: “Bacaracağına inanmayan insan necə mübarizə apara bilər, məqsədinə necə çata bilər? Buna görə bütün məsələnin kökü özünə inamdan başlayır. İnanaraq başladığınız işlərdə ailənizə, ailənizdən vacib millətinizə, millətinizdən vacib insanlığa faydalı olmağı qarşınıza məqsəd qoyun. Əminəm ki, əgər bu nüanslara dəyər verərək çalışsanız, etdiyiniz bütün işlərdə dünyanın ən yaxşısı ola bilərsiniz”.
“TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı. Biz “TEKNOFEST”i uşaqlarımızın və gənclərimizin arzularının hüdudu, onların qarşısında heç bir maneə olmasın deyə keçiririk. 2018-ci ildə 18 yarışma ilə başladığımız “TEKNOFEST”də yarışma sayı bu gün 40-a çatıb. İnanırıq ki, 10 müsabiqə və “Take Off” Müəssisə Zirvəsi ilə başlayan “TEKNOFEST” gənc qardaşlarımın Azərbaycana marağı ilə getdikcə daha da böyüyəcək. Bu vəsilə ilə türk uşaqları əzmkarlıqları sayəsində nəyə nail ola biləcəklərini dünyaya göstərəcəklər”, - deyə S.Bayraktar vurğulayıb.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxışında “TEKNOFEST” iştirakçılarını gələcəyin mütəxəssisləri adlandırıb.
“Biz Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya bir millət, iki dövlət olduğumuzu göstəririk” Nazir müdafiə sənayesi sahəsində Azərbaycan ilə Türkiyənin birgə əməkdaşlığının faydalarına toxunub. Qeyd edib ki, Türkiyə hazırda müdafiə sənayesi sahəsində öz sözünü deyir. Bu sahədə Azərbaycana daim dəstək göstərməyə hazırdır.
“Azərbaycanda olmaqdan məmnunuq. “TEKNOFEST”in ilk məşəlini əvvəlcə İstanbulda, sonra Anadoluda yandırdıq. Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”i beynəlxalq bir brendə çevirəcəyik” dediyi zaman, təbii ki, ilk dayanacaq məntəqəmiz Azərbaycan oldu. Hər il TEKNOFEST məkanında yaşadığım o həyəcanı, coşqunu, sevinci bu gün daha fərqli yaşayıram. Hazırda təkcə Türkiyə adından yox, qardaş Azərbaycan adından da sevinirəm. Türk dünyası üçün, İslam dünyası üçün sevinirəm”, - deyə M.Varank bildirib.
Çıxışında gənclərə səslənən M.Varank deyib ki, bu gün burada iştirak edənlər sabaha dünyaya yol göstərəcək mühəndislər, elm adamları, tədqiqatçılar olacaq: “Sizin yerinizdə ola bilsəydim bu meydanda məskən salardım. Hər bir təyyarəni, hər bir texnikanı bir-bir araşdırar, qeydlər götürərdim. Lazım gələrsə evə getməzdim, burada yatardım. Bu meydanda olmaq sizlər üçün yaradılmış böyük bir şansdır”.
“Müstəqillik hekayəmizin adı “milli texnologiya həmləsidir”, - deyən Mustafa Varank qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə üçün hədəflər müəyyənləşdirilib. 10-15 il əvvəl bəzi ölkələr müdafiə sənayesi məhsullarını, PUA-ları satmır, gizli və açıq şəkildə embarqo qoyurdular. Türkiyə terrorla, terroristlərlə mübarizə apararkən texnoloji avadanlıqlardan məhrum qalırdı: “Amma “milli texnologiya həmləsi” onların planlarını pozdu. Bir zamanlar PUA satmadıqları türk milləti bu gün dövrünün ən mükəmməl texnoloji məhsullarını istehsal edir. Bu gün həmin ölkələr bu meydanda da gördüyünüz türk istehsalı olan texnikaları almaq üçün növbədə dayanıblar”.
Nazir bildirib ki, siyasi mənada tam müstəqil olmağın yolu texnologiya sahəsində müstəqillikdən keçir: “Biz bunu hər yerdə deyirik, amma Azərbaycanda deməyin xüsusi mənası var. Çünki biz texnologiya sahəsində müstəqil olmamağın cəzasını uzun müddət çəkdik. Qarabağdakı işğalın, zülmün qarşısında dünyanın necə səssiz qaldığını azərbaycanlı qardaşlarımız və biz çox yaxşı bilirik. Bu gün burada keçirilən “TEKNOFEST Azərbaycan” hər kəsə verilən ən gözəl cavabdır. Biz Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya müstəqilliyimizi, bir millət, iki dövlət olduğumuzu göstəririk”.
Selçuk Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VIP tura dəvət olunublar. Tur zamanı qonaqlar sərgilərlə tanış olub, moderator onlara “TEKNOFEST” barədə ümumi məlumat verib.
Festival çərçivəsində 8 texnoloji müsabiqə, 3 beynəlxalq tədbir keçirilir
“TEKNOFEST” çərçivəsində keçirilən yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı verir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.
Festival elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. Eyni zamanda, birlikdə çalışan gənclərə komanda ruhu aşılayacaq. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədəcək.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou festivalın ən yaddaqalan hadisələrindən biri olub.
Türkiyə və Azərbaycanın dövlət bayraqları və “TEKNOFEST” festivalının bayrağı Bakı səmasında dalğalanıb
Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbaninin təqdimatında möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandırıb.
Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 (“Super Muşşaq”) təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayıb.
MİQ-29 təyyarələr qrupundan ayrılan “Qarabağ” ordenli qəhrəmanımız polkovnik Zaur Rüstəmov yenidən ali pilotaj fiqurlarını nümayiş etdirmək üçün aviaşou keçirilən hava məkanına qayıdıb və sıçrama, çevrilmə, qalxan, sərt həlqə, sıçramada çəllək və minimal sürətli keçid edib.
Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları heyran qoyub.
“Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbala olub. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKUŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “HÜRKUŞ” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim ediblər. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib və bu dəfə də tamaşaçıları valeh ediblər.
“Ay-ulduz”lu türk bayrağını əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran milli şahinlərimiz də məharət və peşəkarlıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.
Festivalın ilk gününün sonunda ziyarətçilər üçün musiqi proqramı və lazer şou təqdim olunub.
**09:14
Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayır.
Senzor.az bildirir ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçiriləcək.
“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq AR Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
“Teknofest Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.
Qeyd edək ki, “TEKNOFEST” indiyədək 4 dəfə təşkil olunub.