“Serbiyanı əhatə edən ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlayıb”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya nümayəndə heyəti Belqradda danışıqlar aparmalı idi. Lakin Aİ və NATO-ya üzv ölkələr öz hava məkanını bağladı. Bu, kommunikasiya kanallarının növbəti dəfə bağlanmasıdır”, - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Serbiyanın “Večernje novosti” qəzetinin yaydığı məlumata görə, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Serbiyaya yollanan Lavrovun təyyarəsinə hava dəhlizi yaratmaqdan imtina edib.
Onu da qeyd edək ki, S.Lavrovun iyunun 6-7-də Serbiyaya nəzərdə tutulan səfərində ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələlərinin ətraflı müzakirə ediləcəyi, Balkan regionunda vəziyyət, eləcə də aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilirdi.
Bu arada o da məlum olub ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Belqrada səfərinin ləğvi ilə bağlı xalqa müraciət edəcək.
Respublika milli televiziyasının yaydığı məlumatda bildirilir ki, Prezident Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun öz hava məkanını Lavrovun təyyarəsi üçün bağlaması ilə əlaqədar axşam saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) Serbiya vətəndaşlarına müraciət edəcək.
Senzor.az