Böyük Britaniyanın Baş naziri Boris Conson Mühafizəkarlar Partiyası üzvlərinin dəstəyini alaraq partiya lideri və krallığın hökumət başçısı vəzifələrini qoruyub saxlayıb.
Məlumatı Britaniya parlamentindəki mənbələrə istinadən BBC yayıb.
Etimad səsverməsi zamanı baş nazirin lehinə 211, əleyhinə isə 148 nəfər səs verib.
Qeyd edək ki, hökumət başçısı postunu saxlamaq üçün baş nazir 359 səsdən azı 180-ni qazanmalı idi.
Yeri gəlmişkən, səsvermədən əvvəl Baş nazir parlamentariləri ona dəstək verməyə çağırmış, gələcəkdə vergiləri azaldacağını və onları “qələbəyə” aparacağını vəd etmişdi.
Boris Conson 2019-cu ildən Böyük Britaniyanın baş naziridir. O həm də Britaniya Mühafizəkarlar Partiyasının lideridir.
**12:51(06.06.2022)
Britaniya Mühafizəkarlar Partiyasının lideri, Baş nazir Boris Consondan narazı olan parlament üzvlərinin sayı hökumətə etimad səsverməsinin keçirilə biləcəyi səviyyəyə çatıb.
Məlumatı TASS yayıb.
Bildirilir ki, mövcud qaydalara görə, belə bir səsvermənin baş tutması üçün İcmalar Palatasında yer alan mühafizəkar deputatların 15%-nin bunu tələb etməsi lazımdır. Hazırkı şəraitdə mühafizəkarlar parlamentin 650 yerlik aşağı palatasında 359 yeri tutduqları üçün 54 deputatın müvafiq müraciəti tələb olunur.
Halbuki, məlumata görə, artıq 67 parlamentari Consonun istefasının lehinə çıxış edib.
Əslində isə Consonun etibarını itirməsi ilə bağlı verilən bəyanatların dəqiq sayı rəsmən məlum deyil. Dəqiq məlumatı yalnız ənənəvi olaraq bunu gizli saxlayan 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi bilir. Komitə sıravi, hökumtədə təmsil olunmayan mühafizəkar deputatları birləşdirir və prosedura yalnız onun başlamaq hüququ var.
Bu gün, iyunun 6-da deputatlar məzuniyyətdən qayıtdıqdan sonra Bredi verilən sorğuları hesablamalıdır. Əgər 54-dən çox olarsa, bu barədə Baş nazirə məlumat verəcək. Beləliklə də, Consona etimad səsverməsi artıq iyunun 8-də keçirilə bilər.
Bu halda Baş nazirə sadə səs çoxluğu (180 və daha çox) lazım olacaq, bundan sonra o, ən azı bir il ərzində oxşar demarşın təkrarlanmasından sığortalanacaq.