ABŞ Prezidenti Cozef Bayden NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammitində iştirakını təsdiqləyib.
Bunu İspaniyanın müdafiə naziri Marqarita Robles “Cadena SER” radiostansiyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, sammitdə NATO ölkələri, İsveç və Finlandiya ilə yanaşı Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreyanın baş nazirləri və prezidentləri də iştirak edəcəklər.
Eyni zamanda, Ukraynaya “Leopard” tanklarının verilməsi imkanlarını şərh edən Marqarita Robles həmin texnikaların uzun illərdir ki, istismar edilmədiyini və təmirə ehtiyac olduğunu deyib. O, həmçinin Ukrayna üçün silah tədarükü məsələsinin NATO çərçivəsində koordinasiya edildiyini bildirib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir, Ukraynaya isə hərbi və humanitar yardımları artırırlar.