Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyunun 28-30-da Madriddə keçiriləcək sammitində iştirak edəcək.
Senzor.az bildirir ki, bunu NATO baş katibinin müavini Mirça Coana deyib.
O qeyd edib ki, Alyansa üzv ölkələrin liderləri NATO-nun şərq cinahında Baltikdən Qara dənizə qədər daha güclü mövcudluğa qərar verəcəklər.
Sammitdə NATO-nun yeni strateji konsepsiyası da qəbul ediləcək. Alyansın genişlənməsi və “açıq qapı” siyasəti məsələlərinə ayrıca baxılacaq.
EFE agentliyinin yaydığı məlumata görə, sammitdə ümumilikdə 5 minə yaxın iştirakçının (nümayəndə heyətlərinin və müxtəlif təşkilatların üzvləri, jurnalistlər və s.) olacağı gözlənilir. İclasa 40-dan çox beynəlxalq lider gəlməlidir.