İtaliyanın Baş naziri Mario Dragi, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron Kiyevə birgə səfər etməyi planlaşdırırlar.
“La Stampa” qəzetinin məlumatına görə, Avropanın üç ölkəsinin liderlərinin Ukrayna paytaxtına səfəri iyunun 16-da baş tutacaq.
Analitiklərin fikrincə, danışıqlarda əsas müzakirə mövzuları Kiyevə silah tədarükü və Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu almasına dəstək göstərilməsi olacaq.
Yeri gəlmişkən, Ukraynanın Avropaya inteqrasiya məsələsi ötən şənbə günü Avropa Komissiyasının sədri Ursula fon der Lyayennin Prezident Volodimir Zelenski ilə görüşündə də geniş müzakirə olunub. Avropa Komissiyasının Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verilməsi üzrə zəmanətinə dövlət və hökumət başçıları iyunun 23-24-də baxacaqlar.