Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək və bu müddət ərzində kəmərə sınaq miqdarında qaz vurulucaq. İyulun 1-dən isə tədarük tam həcmdə həyata keçiriləcək.
Qeyd edək ki, Bolqarıstan il ərzində 1 milyard kubmetr Azərbaycan qazı almalıdır.
Xatırladaq ki, Sistemlərarası IGB (Interconnector Greece-Bulgaria) qaz boru kəməri “Bulqartransqaz” kompaniyasının milli qaz şəbəkəsini yunan qaz şəbəkəsi ilə birləşdirir. Bolqarıstan ərazisində uzunluğu 140 kilometr olan qaz kəməri ildə 3 milyard kubmetrə hesablanıb və gələcəkdə tədarük həcmi 5,5 milyard kubmetrə qədər genişləndiriləcək. Kəmərin layihə dəyəri ƏDV nəzərə alınmadan 145 milyon avrodur.
IGB Transadriatik (TAP) qaz kəmərindən Yunanıstan milli qaz sisteminə, sonradan isə üzən reqazifikasiya qurğusu ilə Aleksandrupolis limanına bağlanacaq. Bununla yanaşı, IGB gələcəkdə təbii qazı Yunanıstandan Bolqarıstana, oradan isə Serbiya, Şimali Makedoniya, Rumıniya və Macarıstana, həmçinin Ukraynaya çatdırmağı planlaşdırır.
Onu da xatırladaq ki, apreldə Rusiyanın “Qazprom” şirkəti Bolqarıstana qaz nəqlini dayandırdığını bəyan edib, çünki Bolqarıstan tərəfi tədarük haqqını onun şərtləri ilə ödəməkdən imtina edib.