Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN müstəntiqlərinin ibtidai istintaqa verdikləri ifadələri elan edilib.
İfadələr təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında elan olunub.
O bildirib ki, icraatlarında olan cinayət işləri üzrə Baş Prokurorluqdan verilən şifahi və yazılı göstərişləri icra ediblər.
Təqsirləndirilən şəxs Sahib Ələkbərov 20 il xidmət etdiyini diqqətə çatdırmaqla ona 6 epizod üzrə ittiham verildiyini deyib.
S.Ələkbərov həmin epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu ilə pul tələb etmədiyini və rüşvət almadığını bildirib.
O, icraatında olan cinayət işləri üzrə birbaşa sabiq baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib.
Bundan sonra Sahib Ələkbərov yazılı şəkildə hazırladığı vəsatəti elan edib. O, sabiq baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dəvət edilmələrini tələb edib: “Zakir Qaralovla Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir".
Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmənin diqqətinə çatdırıb ki, zərərçəkənlərin çoxunun barəsində qanuni ittihamedici hökm qüvvədədir.
Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.
"Report" xatırladır ki, MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şıxəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.