İyulun 3-də yenidən Nukus şəhərinə səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikasının bütün bölgələri ilə videokonfrans vasitəsilə müşavirə keçirib.
Bu barədə "Qazeta.uz" məlumat yayıb.
Müşavirə zamanı rayonların hakimləri və hüquq-mühafizə orqanlarının rəhbərləri vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, asayişin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, dövlət başçısının dünənki müraciətindən sonra vəziyyət stabilləşib.
Özbəkistan Milli Qvardiyasının rəisi Rüstəm Jurayev hazırkı vəziyyətlə bağlı məruzə edərək vəziyyətin tam nəzarətə götürüldüyünü qeyd edib.
Daha sonra Mirziyoyev Nukus şəhərinin Jeketerek məhəlləsində olub, sakinlərlə görüşüb.
**12:51
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Nukusa uçub.
Bu barədə "Qazeta.uz" məlumat yayıb.
Dövlət başçısı ötən gün kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaq Respublikasının paytaxtında olub və gecə saatlarında qayıdıb.
Hazırda Nukusda sakitlikdir, küçələrdə avtomobil demək olar ki, yoxdur. İnternetə çıxış hələ də məhduddur. Mobil rabitə işləyir.
Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.
Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.