“Ukrayna qüvvələri Lisiçanskdan geri çəkilib. Ehtimal ki, onlar hazır müdafiə mövqelərinə geri qayıdıblar. Rusiya Müdafiə Nazirliyi daha əvvəl Lisiçanskın mühasirəsini tamamladığını və şəhərə tam nəzarəti təmin etdiyini iddia etmişdi”.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsaslanaraq yaydığı açıqlamada belə deyilir.
“Luqansk vilayətində və şəhər ətrafında döyüşlər intensivləşib. Buna səbəb Rusiya qüvvələrinin davamlı irəliləyişidir. Rusiyanın diqqəti hazırda, demək olar ki, böyük bir hissəsi Ukrayna qüvvələrinin nəzarəti altında qalan Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək. Donbas uğrunda gərgin mübarizə gedir. Bunun yaxın həftələrdə dəyişməsi ehtimalı azdır”, - məlumatda bildirilib.
Məlumata görə, Rusiyanın hücumu Ukraynanın kənd təsərrüfatı sektoruna dağıdıcı təsir göstərməkdə davam edir: “Müharibə ukraynalı fermerlərin toxum və gübrə tədarükü zəncirində ciddi pozuntulara səbəb olub. Rusiyanın Odessanı mühasirəyə alması Ukraynanın taxıl ixracını məhdudlaşdırır. Ona görə də bu il Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının 2021-ci ilin 35 faizindən çox olma ehtimalı azdır. Qara dənizdəki İlan adasından geri çəkildikdən sonra Rusiya taxıl ixracının yaxşılaşdırılmasının indi Ukraynadan asılı olduğunu bildirdi. Əslində isə qlobal ərzaq böhranının güclənməsinin səbəbi Rusiyanın hücumunun Ukraynanın kənd təsərrüfatına vurduğu zərbədir”.